Sən haradan bilirsən, bəlkə o (günahlardan) təmizlənəcəkdi.
Yaxud öyüd alacaq və bu öyüd ona fayda verəcəkdi.
Halbuki sən onun (günahlardan) təmizlənməməsindən məsul deyilsən.
Sən onunla maraqlanmırsan. (Rəvayətə görə, Həzrət Peyğəmbər Qüreyş başçılarına İslamı təbliğ edən zaman Abdullah ibn Ümmü Məktum adında kor bir səhabə onun yanına gəlib: “Ey Allahın Rəsulu! Allahın sənə öyrətdiklərindən mənə də öyrət!” - deyir. Ancaq Həzrət Peyğəmbər ona cavab vermir. Çünki Qüreyşin başçıları Həzrət Peyğəmbərin özləri ilə xüsusi olaraq maraqlanmasını istəyirdilər. Abdullah ibn Ümmü Məktum təkrar səsləndikdən sonra Həzrət Peyğəmbər ona yönələrək qaşqabağını tökmüş və üzünü turşutmuşdu.)
Xeyr! Həqiqətən, bu (Quran) bir öyüddür.
İstəyən hər kəs ondan öyüd alar.
Ölsün (inkar edən) insan! O necə də nankordur!
Allah onu nədən yaratdı?!
Onu nütfədən yaratdı və ona surət verdi.
Sonra onun üçün yolu asanlaşdırdı.
Sonra onun canını aldı və onu qəbrə qoydu.
Sonra istədiyi vaxt onu dirildəcəkdir.
Xeyr! O, Allahın əmrini hələ yerinə yetirməyib.
Elə isə insan yediklərinə bir nəzər salsın!
Şübhəsiz ki, Biz (göydən) bol-bol su endirdik.
Sonra yeri çat-çat yardıq.
Beləcə orada dənli bitkilər bitirdik.
Üzüm, yonca,
Zeytun, xurma,
Sıx ağaclı bağlar,
Meyvələr və otlar bitirdik.
Bunlar həm sizin, həm də heyvanlarınızın faydalanması üçündür.
Qulaqları kar edən (surun ikinci dəfə çalınma vaxtı) gəldiyi zaman,
O gün insan qaçacaq öz qardaşından,
Anasından, atasından,
Zövcəsindən və övladlarından.
O gün onlardan hər birinin yetərincə işi olacaq.
O gün elə üzlər vardır ki, parlayacaq,
Güləcək və sevinəcəkdir.
O gün elə üzlər də vardır ki, toz-torpağa bulanacaq.
Onları qaranlıq bürüyəcək.
Onlar kafirlər və günahkarlardır.